Mürtəzaqulu xan Şamlı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Mürtəzaqulu xan Şamlı
Şamlı Mürtəzaqulu xan Həsən xan oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 1591
Vəfat tarixi 1649
Fəaliyyəti xəttat, hərbi lider[d], şair, Eşikağasıbaşı, Qorçubaşı, qubernator, həkim
Atası Həsən xan Şamlı

Şamlı Mürtəzaqulu xan Həsən xan oğlu (15911649) — şair, vali, xəttat.

Zəfər" təxəllüsü ilə şeirlər yazmış Mürtəzaqulu xan Şamlı təxminən 1591-ci ildə dünyaya gəlmiş, Səfəvi hökmdarlarından Şah Səfi (1629–1642) və II Şah Abbasın (1642–1666) hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində işləmiş, eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Şeyx Səfiəddin türbəsinin mütəvəllisi olmuşdur. Özünün yazdığı kimi, yüz min beytə yaxın farsca şeirləri olan şair, yaşının ixtiyar çağında, 1669-cu ildə Azərbaycan türkcəsində şeirlərindən ibarət divanını tamamlamışdır. Onun türkcə şeirlərində Ə. Nəvai, Ş. İ. Xətai və M. Füzuli təsiri görünür.

Zəfər divanının dibaçəsi, demək olar ki, Nəvai divanı dibaçəsinin əvvəlini təkrar edir. Nəvai dibaçəsində insanı digər məxluqatdan üstün yaradıb ona nitq, şeir yazmaq qabiliyyəti verən yaradana şükürlər oxuyur: "Şükr va sipas ol qodirğa kim, çün adam osoyiş-qohidin vucud oroyişi oqohlariğa cilva berdi. İnsonni soyir maxluqotdin nutq şarafi bila mumtaz qildi.

Rübai:

Ul kim, çü cahon xilqətin oğoz etti, Süni kilmini naqş pardoz etti.

İnson xaylin nutq ila mumtaz etti, Nutq ahlini nazm ila sanafroz etti".

Zəfər divanının dibaçəsində bəzi söz və ifadələri dəyişsə də, mətni Azərbaycan türkcəsinə uyğunlaşdırsa da, onun Nəvaidən bəhrələnməsi şübhəsizdir. "Şükrü sipasi namütənahi ol qadiri-biçunə kim, çün adəm asayişgahidin məxluqatdin bərgüzidə edib nitqi-şərifinə mümtaz qıldı.

Rübai:

Ol kim, cəhan xilqətin ağaz etdi, Sünini kilklə nəqşpərdaz etdi.

İnsanı qamu nitq ilə mümtaz etdi, Nitq əhlini nəzm ilə sərəfraz etdi."

Zəfər divanının daha qısa olan dibaçəsində Nəvai dibaçəsi ilə uyğun gələn digər yerlər də vardır.

Nəvai qitələrindən birini Məhəmməd peyğəmbərə həsr etmişdir. Burada deyilir ki, qeyri xalqların onun dininə etiqad etməsi onlara xeyirdir. Peyğəmbəri günəşə, insanları isə onun şüalarına bənzədən şair deyir ki, zərrələr nə qədər çox olsalar da, günəşə mane ola bilməzlər.

Muhammadi arabi şani ondin azam erur Ki, nuqs bolğay ulus bolsa nafyiğa goyil.

Quyaş aşasiğa lama andin ortuq erur Ki, zarra kasrati bolğay ziyasiğa qoyil.

Zəfər bu şeirə yazdığı nəzirəsinə əlavə etdiyi bir beytdə deyir ki, yalnız peyğəmbərin yolunda fəna mütləq olanlar onun bütün yaradılışın səbəbi olduğunu bilirlər:

Məhəmmədi-ərəbi şanı ondan artıqdır Ki, qeyr millət əgər olmaya ona qail.

Günəş kimi bu cahanı tutubdur ənvarı, Həqir zərrə nədir kim, ola ona hail.

Onun yolunda fəna mütləq olmayan nə bilir Ki, oldur səbəbi külli-afəriniş gil.

Tibbə aid işləri

[redaktə | mənbəni redaktə et]

Murtuza Qulu xan Azərbaycanda ginekologiya və andrologiya elmlərinin inkişafına böyük təsir göstərmişdir. O, tibb elminin bu sahələrinə ayrıca kitab həsr etmiş ilk Azərbaycanlı alimdir.

Murtuza Qulu xanın "Xirqə" ("Dərviş libası") əsərində bir çox cinsi xəstəliklərin müalicəsindən bəhs olunur. Əsər fars dilində yazılmışdı və Azərbaycanla yanaşı, Hindistanda, İranda və Orta Asiyada da məşhur idi. Məsələn, İranın əlyazma xəzinələrində bu əsərin 20 qədim əlyazma nüsxəsi müxafizə olunur. Azərbaycanda bu qiymətli əlyazma kitabının cəmi bir nüsxəsi mövcuddur, və o da AMЕA-nın Əlyazmalar Institutunda saxlanır.

"Xirqə" kitabı 29 hissədən (babdan) ibarətdir. Bablar fəsillərə bölünür. Nümunə kimi, bəzi fəsillərin adlarını göstərək: Birinci fəsl. Sonsuzluğun səbəbləri haqqında; Ikinci fəsl. Cinsi həvəs oyadan mərhəmlər haqqında; Üçüncü fəsl. Həmin təsirə malik daxili dərmanlar haqqında; Dördüncü fəsl. Cinsi həvəsi azaldan dərmanlar haqqında; Beşinci fəsl. Oğlan və ya qızın doğulacağından xəbər verən əlamətlər haqqında; və s.

Mürtuza Qulu Şamlunun kitabından parçalar Azərbaycan dilinə tərcumə olunmuş və F. Ələkbərovun "Şərqdə ailə və nikah" (Bakı, Tural, 2001) kitabında yer almışdır.

Məşhur alim və həkim olmaqla yanaşı, Murtuza Qulu xan həm də tanınmış dövlət xadimi idi. O, Azərbaycan tarixində mühüm rol oynamış şamlı türk tayfasının nümayəndəsidir. Şamlılar Şah İsmayıl Xətai dövründən başlayaraq Azərbaycanı idarə edən Səfəvi hökmdarlarının əsas dayaq qüvvələrindən biri olmuşlar. Murtuza Qulu Şamlı da Səfəvi əmirlərindən biri idi və 1678-ci ildə Ərdəbil şəhərinin valisi vəzifəsinə təyin edilmişdi. Bu vəzifədə işləyərkən o, dövlət işləri ilə yanaşı, tibb üzrə araşdırmalarını da davam etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]