Azərpoçt

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərpoçt MMC
  • Azərpoçt Məhdud Məsulliyətli Cəmiyyəti
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 29 sentyabr 1999
Tabelik Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Baş qərargah
Ünvan Bakı, Ü.Hacıbəyov, 72 AZ1000
Rəhbərlik
Rəhbər Əfqan Cəlilov[1]

Rəsmi saytı azerpost.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Azərpoçt" MMC — Azərbaycan Milli poçt şəbəkəsinin operatoru, 1993-cü ildən Ümumdünya Poçt İttifaqının üzvü.

Azərbaycanda müasir formada poçtun yaranması XIX əsrin 1-ci yarısına təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb. Azərbaycanda poçtun dəmiryol nəqliyyatı ilə daşınması isə 9 may 1883-cü ildə Bakı-Tiflis, 1900-cü ildə isə Bakı-Dərbənd arasında başlanıb. 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikası öz müstəqilliyini elan edərkən 6 oktyabr 1918-ci ildə hökumətin tərkibində Poçt və Teleqraf Nazirliyi yaradılıb.[2]

Poçt rabitəsinin inkişaf mərhələsi

[redaktə | mənbəni redaktə et]

1991-ci ildə Sovet İmperiyasının dağılması ilə əlaqədar yeni yaranmış bütün müstəqil dövlətlərdə olduğu kimi Azərbaycanda da Poçt rabitəsinin inkişafı demək olar ki, tam dayandı və tənəzzül dövrü yaşanmağa başladı. Bununla yanaşı 1993-cü il 1 aprel tarixində Azərbaycan Poçt Müdiriyyəti Ümumdünya Poçt İttifaqının (ÜPİ) üzvlülüyünə qəbul edildi. Poçt rabitəsinin inkişaf mərhələsinin ən çətin dövrü hesab edilən bu dövr, 1997-ci il 1 yanvardan etibarən poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə başa çatdı. Elə bu ildən başlayaraq poçt rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. 1997-ci ilin mart ayında poçt rabitəsinin qısa müddətli "Dirçəliş və inkişaf proqramı" qəbul olundu, dekabr ayında isə "1998–2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası" təsdiq edildi. 1998-ci ildə xidmət sahəsinin daha da genişləndirilməsi məqsədilə "Azərekspresspoçt" Rabitə müəssisəsi və Texniki xidmət Mərkəzi kimi istehsalat qurumları yaradıldı. 1999-cu il 29 sentyabrda "Azərpoçt" İstehsalat Birliyi, "Azərpoçt" Dövlət Müəssisəsi adlandırılaraq ona dövlət müəssisəsi statusu verildi.

Poçt rabitəsinin rentabelli fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2000-ci ildən poçt rabitəsi rentabelli fəaliyyət göstərməyə başladı. Poçt rabitəsinin tarixində ilk dəfə olaraq 2002-ci ildə "Poçt Rabitəsi Qaydaları" hazırlanaraq təsdiq edildi. 2004-cü il 29 iyunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Poçt rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun imzalanması poçt rabitəsinin inkişafını daha da sürətləndirdi.

Milli poçt operatoru olaraq "Azərpoçt" DM 74 poçt filialı və poçt qovşağından, 1513 poçt şöbəsindən, 144 poçt agentliyindən ibarətdir. Tabeli poçt müəssisələrinin əksəriyyəti əhaliyə keyfiyyətli xidmət göstərmək üçün müasir texnika və avadanlıqlarla təchiz edilmişdir. Hazırda "Azərpoçt" DM beynəlxalq bağlamaların İPS izləmə sistemi üzrə dünyanın 70-ə qədər ölkəsi və bağlamaların "Cricket" sorğu sistemi üzrə 60-dan çox ölkəsi ilə əməkdaşlıq edir. Poçtun daşınması üçün "Azərpoçt" DM-də 195 ədəd müxtəlif markalı avtomaşınlardan istifadə olunur.

Maliyyə xidmətlərinin inkişafı layihəsi

[redaktə | mənbəni redaktə et]

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2023-cü ildə "Maliyyə xidmətlərinin inkişafı" layihəsinə start vermişdir. Layihə üzrə "Azərpoçt" MMC-nin 1,361 poçt şöbəsinin mərkəzi serverə qoşulması məqsədilə zəruri texniki tədbirlər görülmüşdür. Ağsu, Göyçay, İsmayıllı, Saatlı, Samux, Yevlax, Ağcabədi, Beyləqan rayonlarında 19 kənd E1 rabitə kanallarının ləğv edilərək "Aztelekom" MMC-nin xDSL şəbəkəsi üzərindən 1–4 Mbp/s sürəti ilə (data xidmətinin ötürülməsi) "Azərpoçt" MMC-nin mərkəzi serverinə qoşulması təmin olunmuşdur. Gömrük məntəqələrində yerləşən poçt şöbələrinin rezerv rabitə kanallarla (Azercell 3G/4G texnologiyası) "Azərpoçt" MMC-nin mərkəzi serverinə qoşulması təmin edilmişdir.[3]

Milli ödəniş sistemi

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda milli ödəniş sisteminin daha da inkişaf etdirilməsi, rayonlarda və kənd yerlərində əhalinin, ev təsərrüfatlarının və digər təsərrüfat subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005–2007-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş və icrası Dünya Bankının Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi ilə dəstəklənən Azərpoçt komponentinin həyata keçirilməsinə 2005-ci ilin 14 oktyabrından etibarən başlanılmışdır.[4]

24 may 2005-ci il tarixdə Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanan və prezident İlham Əliyev tərəfindən 25 avqust 2005-ci il tarixdə təsdiqlənən "İnkişaf krediti haqqında" Saziş (Maliyyə xidmətlərinin inkişafı layihəsi) ilk növbədə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, xidmətin keyfiyyətinin qaldırılması və ən nəhayət, elektron hökumətin qurulmasına yardım etmək kimi məqsədləri qarşıya qoymuşdur. Azərbaycan iqtisadiyyatının inkişafı, inkişaf etmiş bazar iqtisadiyyatının formalaşdırılması baxımından da bu layihənin rolu əvəzsizdir.

Bundan əlavə, "Azərpoçt" DM-in fəaliyyət strategiyası hazırlanmış, hazırda göstərilən xidmətlərin və gələcək bank-maliyyə xidmətlərinin, eləcə də müəssisənin bazar mövqeyinin təfsilatlı diaqnostikası aparılmış və onun nəticələrini özündə əks etdirən Diaqnostik Hesabat təsdiq edilmişdir.

Hazırda poçt rabitəsi xalq təsərrüfatı sahələrindən biri olan ümumdövlət rabitə sisteminin tərkib hissəsinə çevrilmişdir. O, əhalinin mədəni-məişət tələbatını, sənayenin, kənd təsərrüfatının, idarəetmə aparatının həm ölkə daxilində, həm də başqa dövlətlərdə informasiya mübadiləsinə olan tələbatını təmin edir.

Poçt əlaqəsi haqqında Azərbaycan Respublikasının Qanunu

[redaktə | mənbəni redaktə et]
Poçt maşını
  • Poçt əlaqəsi haqqında Azərbaycan Respublikasının qanunu 29 iyun 2004-cü ildə prezident İlham Əliyev tərəfindən imzalanmışdır.
  • Poçt haqqında Azərbaycan Respublikasının Qanunu 2 oktyabr 2008-ci ildə (696-IIIQD nömrəli əlavələr və dəyişikliklərlə) prezident İlham Əliyev tərəfindən imzalanmışdır. Bu qanun Azərbaycan Respublikasında poçt rabitəsi sahəsində fəaliyyətin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirir, poçt rabitəsi xidmətləri göstərənlərlə istifadəçilər arasında münasibətləri tənzimləyir.

[5]

Poçt xidmətləri

[redaktə | mənbəni redaktə et]
  • Kiçik paketlərın qəbulu və göndərilməsi;
  • Dövrü mətbuata abunə və satış;
  • Banderolların qəbulu və göndərilməsi;
  • Sürətli poçt xidməti;
  • Teleqraf rabitəsi xidməti;
  • Xüsusi təyinatlı poçt rabitəsi xidməti;
  • Poçt ödənişi nişanlarının satışı;
  • Məktubların qəbulu və göndərilməsi;
  • Bağlamaların qəbulu və göndərilməsi.

Azərpoçtun loqoları

[redaktə | mənbəni redaktə et]

2011-ci ilin əvvəlindən "Azərpoçt" Dövlət Müəssisəsi köhnə loqodan imtina edib. Yeni loqo (şəkildəki 3-cü loqo) Azərpoçt DM-in ənənəvi poçt xidmətləri ilə yanaşı bank-maliyyə xidmətləri göstərməsinə başlamasıyla əlaqədar yaradılıb[6].

Azərpoçt-un istifadə etdiyi loqolar
  1. ""Azərpoçt"un rəhbəri dəyişib". Report İnformasiya Agentliyi (az.). səh. 2 mart 2021. 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2021.
  2. İngiltərədə ilk poçt qutuları istifadəyə verildi [ölü keçid]
  3. "Arxivlənmiş surət". 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  4. "Poçt və teleqrafın inkişaf tarixi". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-03.
  5. "Poçt əlaqəsi haqqında Azərbaycan Respublikasının qanunu". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-03.
  6. ""VITAM" Azərpoçt üçün yeni loqo hazırlayıb. 2011-01-08". 2011-01-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]