Səməd Vurğunun ev-muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Səməd Vurğunun Ev Muzeyi
Əsası qoyulub 1974
Açılış tarixi 6 oktyabr 1975
Mövzu Azərbaycan ədəbiyyatı
Ölkə
Yerləşir Azərbaycan, Bakı, 370005
Tərlan Əliyarbəyov küçəsi, 6
Kolleksiyası 17500 eksponat
Direktor Vurğun Vəkilov
Telefon (+99 412) 493-56-52
Bilet Giriş pulsuzdur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səməd Vurğunun Ev Muzeyi — Dahi Azərbaycan şairi, görkəmli dramaturq, alim, ictimai xadim, Səməd Vurğunun (1906–1956) ev-muzeyi Azərbaycanda yazıçı və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tabeliyindədir.[1]

Muzey XIX əsrdə inşa edilmiş yaşayış binasının III mərtəbəsində altı otaqlı mənzildə yerləşir. Səməd Vurğun ömrünün son iki ilini bu mənzildə yaşamış, gərgin yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olmuşdur.

Respublika hökumətinin qərarı ilə 1974-cü ildə təşkil edilən ev-muzeyinin 1975-ci il oktyabrın 6-da təntənəli açılışı olmuşdur.

Ötən müddətdə muzeyin fondu xeyli zənginləşmiş, yeni ekspozisiya bölmələri yaradılmış, şairin həyat və yaradıcılığı ilə bağlı gərgin araşdırmalar aparılmışdır. Toplama işi muzeyin fəaliyyətinin əsasıdır. Bu iş planlı surətdə, həm də ayrı-ayrı mövzular üzrə aparılır. Məhz bunun nəticəsində Vurğuna aid xatirə əşyaları, orijinal fotoşəkillər, rəsm əsərləri, əlyazmalar, tədqiqat əsərləri, hədiyyələr, ötən illərin qazet-jurnalları və s. materiallar muzeyin fondunu zənginləşdirmişdir. Hal-hazırda (2005-ci ildə) eksponatların ümumi sayı 16000-dən artıqdır.

Şairin vətənində — Qazax rayonunun Yuxarı Salahlı kəndində muzeyin filialı olan "Poeziya evi" fəaliyyətdədir. Muzey həmçinin Bakıda və rayonlarda şairlə bağlı təşkil olunan muzey və güşələrin yaranmasına və zənginləşməsinə yaxından köməklik göstərir.

Muzeydəki üç otaq — şairin iş otağı, qonaq və yataq otaqları onun sağlığında olduğu kimi saxlanılır. Digər üç otaqda isə Vurğunun həyat və yaradıcılığını, ictimai fəaliyyətini, xatirəsinin əbədiləşdirilməsini əks etdirən ekspozisiya yaradılmışdır.

Şairin iş otağı — kabineti. Hər şey sadə, hər şey adi. Yazı stolu, stullar, kitablarla dolu şkaflar. Yazı stolunun üstündə şairin son əlyazmaları, ömür vəfa etmədiyi üçün çəkə bilmədiyi papirosları, avtoqələmi, həyat yoldaşı ilə övladlarının birgə çəkdirdikləri fotoşəkil və şairin ən çox sevdiyi bənövşə gülünün rəmzi kimi kiçik səbətdə süni bənövşə qoyulmuşdur. "Vaqif", "Fərhad və Şirin", "İnsan", "Aygün" və bir çox başqa sənət inciləri, məqalələr, çıxışlar bir zamanlar bu yazı stolunun arxasında ərsəyə gəlmişdir.

Şairin qonaq otağı onun sağlığında olduğu kimi qorunub saxlanılır. Səməd Vurğun məşhur şair olmaqla yanaşı, həm də açıqürəkli insan, qonaqpərvər ev sahibi idi. Bu qonaq otağına tez-tez şairin dostları — yazıçılar, bəstəkarlar, rəssamlar, kənd zəhmətkeşləri və onun istedadının pərəstişkarları toplanırdı.

Otaqdakı royal da böyük marağa səbəb olur. Bu royalda vaxtilə Səməd Vurğunun əvvəlki mənzilində tez-tez qonaq olmuş Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyov, eləcə də məşhur bəstəkarlarımızdan Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov öz əsərlərini ifa etmişlər.

Qonaq otağında həmçinin 1944-cü ildə xalq rəssamı Mikayıl Abdullayev tərəfindən şairin ilk naturadan çəkilmiş portreti nümayış etdirilir. Səməd Vurğun burada öz bağında, dərin düşüncələr aləmində təsvir olunmuşdur.

Qiymətli eksponatlar arasında bir saat da var. Səməd Vurğun dünyasını dəyişdiyi zaman, 1956-cı il mayın 27-də axşam saat 7:30-da şairin həyat yoldaşı Xavər xanım həmin saatı dayandırmışdır.

Memorial otaqlarından sonuncusu şairin yataq otağıdır. Burada da hər şey sağlığında olduğu kimi qorunub saxlanılır…

Burada həmçinin şairin 1956-cı ildə çəkilmiş ölüm maskası da vardır.

O cümlədən bu muzeydə Səməd Vurğunun oğlu olan Vaqif Səmədoğlunun da yazı masası, skripkası, fortepianosu və digər əşyaları vardır.

Muzeyin Direktorları

[redaktə | mənbəni redaktə et]
  1. Xavər Vəkilova (1975–2006)
  2. Aybəniz Vəkilova (2006–2009)
  3. Aygün Vəkilova (2009–2015)
  4. Nüşabə Vəkilova (2015–2022)
  5. Vurğun Vəkilov(2022)

Muzeydə əhatə dairəsi çox geniş olan kütləvi işlər də görülür. İldə iki dəfə, martın 21-də və mayın 27-də şairin "Xatirə günləri" keçirilir. Müxtəlif vaxtlarda Səməd Vurğunun xatirəsinə həsr olunmuş tədbirlərdə görkəmli elm və mədəniyyət xadimləri, şairin qələm dostları, o dövrün ədəbi gəncliyi iştrak etmişlər. Bir vaxtlar şairin xatirə məclislərində onun haqqında öz ürək sözlərini söyləmiş insanların əksəriyyəti indi özləri xatirələrdə yaşayırlar…

Şairlə bağlı tədbirlərlə yanaşı, ev-muzeyində ayrı-ayrı ədəbi hadisələrə, şairin qələm dostlarının yubileylərinə, tarixi günlərə həsr olunmuş tədbirlərin keçirilməsi, eləcə də bu tədbirlərdən bir çoxunun respublikada ilk dəfə olaraq məhz bu muzeydə (Azərbaycan Demokratik Respublikasının ildönümü: tədbir və sərgi — 1988, Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 150 illiyi: tədbir və sərgi — 1989) təşkil olunması respublika ictimaiyyətində xüsusi maraq doğurmuşdur.

Muzeyə gələn tamaşaçılar və tədbir iştirakçıları böyük şairin həyat və yaradıcılığını çox maraqla izləyir, onun səsinin lent yazısına böyük məhəbbətlə qulaq asır, şairi müxtəlif illərdə əks etdirən kino-xronikaya çox həyacanla bıxırlar. Onlar muzeydə keçirdikləri hisləri, şairə olan hədsiz məhəbbətlərini rəy kitablarında qeyd edirlər. Rəy kitablarında muzeyin fəaliyyəti də qiymətləndirilir, xoş ürək sözləri yazılır. Muzeyə ən böyük qiyməti Heydər Əliyev vermiş, rəy kitabına aşağıdakı sözləri yazmışdır: "Bu gün böyük şair Səməd Vurğunun 90 illik yubileyini qeyd edərkən 1975-ci ilin oktyabr ayını xatırlayıram. O günlər ölməz Səməd Vurğunun ev-muzeyinin təntənəli açılışı oldu. Ötən illər muzey Səməd Vurğunun həyat və yaradıcılığını təbliğ etmək üçün çox iş görüb, xalqımızın mədəniyyətinin inkişafına böyük xidmət göstərib. Əminəm ki Səməd Vurğunun ədəbi irsi daimi yaşayacaq. Muzey ölkəmizin görkəmli mədəniyyət ocağı kimi bu şərəfli işə bundan sonra da xidmət edəcəkdir."

13 dekabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri haqqında" sərəncam imzalamışdır. Həmin sərəncama əsasən xalq şairi Səməd Vurğunun Bakı şəhərində yerləşən (Tərlan Əliyarbəyov küçəsi, 6) ev-muzeyinin əsaslı təmiri, bədii tərtibatı, zəruri avadanlıq və inventarla təchizatı üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 300 min manat ayrılmışdır[2].

  1. Səməd Vurğunun ev-muzeyinin yaradılmasının 40 illiyi qeyd olunub //525-ci qəzet.- 2015.- 5 dekabr. — S.15.
  2. "Xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2011-ci il tarixli Sərəncamı. president.az Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Səməd Vurğunun ev muzeyindən Sərvər Şirinin reportajı